Yeni təmayül tədris modelinin iki əsas yeniliyi var: birincisi, bütün fənlər üzrə əsas anlayış və təməl mövzular əvvəldən başlayaraq yenidən tədris olunacaq. Məqsəd şagirdlərin biliklərində yaranmış boşluqları aradan qaldırmaq və onların mövzuları daha dərindən mənimsəmələrinə nail olmaqdır. Təhsilalanlar 10-cu sinifdə buraxılış və təmayül fənlərini yenidən sistemli şəkildə öyrənəcəklər.
Hafta.az xəbər verir ki, bu fikirləri AzEdu.az-a geniş müsahibə verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini (MÜTDA) Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, şagirdlərin əvvəlki siniflərdə öyrənmə fəallığı müxtəlif ola bilər və bu səbəbdən sinifdə bilik səviyyələri fərqlənir.
"Hamının mövzuları daha rahat mənimsəməsi üçün bütün fənlərin əsas anlayışları yenidən tədris ediləcək. Təbii ki, bu proses daha intensiv tempdə həyata keçiriləcək. Adətən 5-6- il ərzində mənimsənilən biliklərin iki ildə tədris olunması nəzərdə tutulur. Bunun üçün isə profil fənlərinə daha çox tədris saatının ayrılması vacibdir.
İkinci mühüm yenilik isə müəllim seçimi ilə bağlıdır. Təmayül siniflərində yalnız xüsusi seçim mərhələsindən uğurla keçmiş müəllimlər fəaliyyət göstərəcəklər. Əgər əvvəllər təmayül siniflərində müxtəlif nailiyyət göstəricilərinə malik müəllimlər dərs deyirdilərsə, yeni modeldə müəllimlərin həm fənn bilikləri, həm də metodiki bacarıqları xüsusi qiymətləndiriləcək".
MÜTDA rəsmisi vurğulayıb ki, bu məktəblərdə fəaliyyət göstərmək üçün məktəbin yerləşdiyi şəhərdə, qəsəbədə çalışan bütün müəllimlər müraciət edə bilərlər:
"İlkin seçim üçün 2 sadə tələb var. Onlardan biri minimum üçillik pedaqoji stajın olmasıdır. İkincisi, sertifikatlaşdırma balının 51+ olmasıdır. Bu tələblərə cavab verən müəllimlər müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibə zamanı müəllimlərdən dərs nümunəsi də xahiş oluna bilər. Çünki vacib olan yalnız müəllimin fənni dərindən bilməsi deyil, eyni zamanda, onu şagirdlərə yetərincə öyrətməyi bacarmasıdır. Öyrətməyi bacarmaqla yanaşı müəllimin şagirddə müstəqil öyrənmə bacarıqları inkişaf etdirə bilməsi də vacibdir. Müəllimin metodiki bacarıqları və pedaqoji səriştəsi hər bir fənn üzrə mütəxəssislərdən ibarət komissiya tərəfindən qiymətləndiriləcək", - deyə V.Yaqublu qeyd edib.